Keçmişdən bu günə Azərbaycan roku

2810

Azərbaycanda yarım əsrdən çox yaşı olan rok sənətinin yarandığı gündən bu günə qədər keçdiyi yola nəzər salaq.

EKSPERİMENT OK (1967)

1967-ci ildə Azər Kərimov, Mahmud Kərimov, Mark Vaynbrand, Harri İşxanov 20 saylı məktəbin 8-ci sinfində oxuyarkən rok qrupu yaradırlar. Özfəaliyyətlə məşğul olan qrup məşq etmək üçün təchizatı olan yer axtarır və mədəniyyət evinə gedirlər. Həmin mədəniyyət evində yeni qrup yaradan Oqtay Kazımov bu qrupu da yaratdığı qrupa qatır və beləcə, “Eksperiment OK” qrupu yaranır. Qrupun vokalisti Azər Kərimovun sözlərinə görə, Oqtay Kazımov yeni bəstələdiyi mahnıları ilk dəfə bu qrupda səsləndirdiyinə görə qrupun adı da Oqtay Kazımovun eksperimenti adlanıb:

“Oqtay Kazımov yeni bəstələdiyi mahnıları əvvəlcə bizim qrupda sınaqdan keçirirdi. Biz də o mahnılara əlavələr edərək daha müasir səsləndirirdik. Sonradan Oqtay Kazımov o mahnıları, məsələn, Flora Kərimovaya, Yalçın Rzazadəyə, “Qaya” qrupuna və s. verirdi”.

CHARLEY ATL (1987-1995)

Qrupun Kinq Krimson , Centl Cayant, Raş, Frank Zappa kimi artistlərdən təsirləndiyini müşahidə edə bilərik. Charley ATL Azərbaycanda, heç nə ilə müqayisə olunmayan, öz ciddi poetik stilini hazırlayan ilk rok qrupuna çevrilir. Çalğı aləti kimi qrup öz musiqilərində tardan istifadə edir. Qrupun bircə albomu işıq üzü görür. “Hind kinosunun qurbanlarına həsr olunur..” adlı albom 1990-cı ildə çıxır. 1991-ci ildə qrupun keçmiş iştirakçılarından biri Vahid Mustafayev ANS adlı ilk müstəqil teleradio şirkətinin əsasını qoyur. Studiya 1994-cü ildən 1998-ci ilə qədər səsyazma studiyalarının arasında lokal bazarda lider idi. Taleyin ironiyası ilə, qrup bu illərdə son vaxtlarını yaşayırdı. 1995-ci ildə “Charley ATL” qrupu dağılır.

2017-ci ildə qrupun keçmiş üzvləri yenidən birləşərək “Gözəl Çöllər” mahnısını yenidən aranjman edərək klip çəkirlər.

YUXU (1988-2001)

Hava limanında pullarının, biletlərinin oğurlanması barədə deyilən uydurmalarla bir müddət gündəm mövzusu olmuş “Yuxu” qrupu İbrahim Emin tərəfindən Sumqayıt şəhərində yaradılır. Qrupun ilk çıxışı 1987-ci ildə yarandığı şəhərdə – “Kimyaçı” Mədəniyyət Sarayında baş tutur. Qrup albom buraxmaq üçün Türkiyəyə gedir və musiqi firmalarının birində ilk albomlarını buraxır.

COLDÜNYA (1992)

ColDünya – sözü Cold (ingiliscədən “soyuq”) və Dünya sözlərinin yaranıb. Qrupun ifa etdiyi standart “hard rock” bünövrəsində Azərbaycan muğam ladları üzərindəki improvizasiyalarını dinləyə bilərik. “ColDünya”nı bu xüsusiyyətlərinə görə hardasa “Folk-Rock” bölümünə aid etmək olar.

1996-cı ildə qrupun “Nota Bene” adlı ilk albomu işıq üzü görür. Elə həmin vaxt “Sehrbaz” mahnısına klip çəkilir. 1996–cı ilin oktyabr–noyabr aylarında “Sehrbaz” BBC radiosunda (London) ən yaxşı xarici hitlər onluğuna düşür. 1991-ci il 21 sentyabr tarixində qrup Gürcüstanın paytaxtı Tiflisdə Mərkəzi parkda konsert verir və konsertdə “ColDünya” 7000 nəfərlik auditoriya qarşısında çıxış edir.

2001-ci ilin sonunda qrup “Məktub” adını verdikləri üçüncü albomunu yazmaq üçün studiyaya yığışır və albom üzərində iş 9 ay davam edir.

2003–cü ilin dekabr ayında bu işin yekunu yeni musiqi istiqaməti – “rok-muğam”ın əsasını qoyan əfsanəvi “Oyanış” albomu olur.  2004-cü ilin oktyabr ayında “ColDünya” Böyük Britaniya qrupu “Goldrush” və Bakının gənc qrupu “Aprel” ilə birlikdə H.Əliyev adına sarayda çıxış etdi.

2008-ci il 7 fevraldan 27 fevrala qədər Bakıda “ColDünya” yeni “Əhatə Dairəsi Xaricində” albomu üzərində işləyir.

SPARK (1997-2003)

“Spark” qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılır. Kollektiv 4 nəfərlə başlasa da, sonra qrupa daha iki nəfər – zərb və klavye ifaçısı qoşulur. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində “Dostluq Mədəniyyət Evi”nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başlayır. 2 ay ərzində “Город мечты” (“Arzular şəhəri”) adlı proqramı tamamilə hazır olur. 25 may1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını edir, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.

Sonradan “Spark” Sumqayıt Dövlət Musiqili Dram Teatrında bütün proqramı ilə çıxış edir. Bu çıxışdan sonra qrupun üzvləri arasında mübahisə yaranır. Qrupu birinci klavye ifaçısı onun ardınca isə vokalist və gitarist tərk edir, qrupun inkişafı zəifləyir və dayanır. Daha sonra qrupu tərk edənlərin yerinə onlara əvəz olaraq yeni üzvlər qoşulur. Qrup 2000-ci ildə “ColDünya” qrupunun dəstəyi ilə Sultan Records studiyasında «Azerirock» kolleksiyası üçün iki mahnı yazır.

TENGRİ  (2008)

“Tengri” qrupu 2008-ci ildə Bakıda yaranır. Qrupun ilk heyəti: Toğrul Əhmədov – vokal, lid gitara; Orxan Zamanlı – gitara; Elmar – bass gitara, Anar Qasımov – zərb.

Qrup bu heyətlə Bakıda bir neçə konsertdə və Gürcüstanda “Caucasian Rock” adlı festivalda çıxış edir. Qrup 2010-cu ildə müvəqqəti olaraq fəaliyyətini dayandırır. 2011-ci ildən yeni heyətlə davam eləyir. Qrupa Firudin Allahverdi (bəstəkar) keyboard, Vüsal Soy isə vokal olaraq qoşulur. Toğrul Əhmədov lid gutara olaraq davam edir. Qrupun “Young Folks” adlı ilk albomu 2009-cu ildə işıq üzü görür.

Cavablandır