Dünya mədəniyyətinə təsir edən 5 ölkə

1120

Ölkələrin qlobal dərəcədə təsiri hərbi, siyasi və ya iqtisadi gücləriylə ölçülür. Amma bəzi ölkələr mədəniyyətləri, yeməkləri, dəb və əyləncə dünyaları ilə iz buraxır. ABŞ-da aparılan bir araşdırmada prestij, xoşbəxtlik, müasirlik, hər mənada  dəbə uyğunluq və əyləncə dünyasında vacib yer tutmaq kimi faktorlar nəzərə alınaraq dünyaya ən çox təsir edən ölkələrin siyahısı hazırlandı. İlk 10-dakı ölkələrin çoxunun Avropada yerləşməsinə baxmayaraq, Yaponiya, Braziliya və ABŞ da üst sıralardadır. İlk beşə daxil olan ölkələri sizə təqdim edirik.
1

İtaliya

Valentino, Armani, Versace və Gucci kimi markaları ilə məşhur olan İtaliya "dəbə uyğunluq" baxımından tam balı topladı. İtaliyanların görünüşlərinə diqqət etdikləri bilinir. Amma detala diqqət xüsusiyyəti təkcə moda sahəsində yox, yeməkdən mebelə qədər bir çox sahə üçün keçərlidir. Yeməkdə italiyan təsirini tam olaraq hiss etmək üçün Romaya gedilməsi tövsiyə edilir. Evdən kənarda yemək burada məşhur olduğu üçün həm ənənəvi mətbəxi, həm də modern yemək növlərini tapmaq asandır.
2

Fransa

'Müasirlik', 'prestij' və 'modanı izləmə' nöqteyi nəzərdən yüksək bal toplayan Fransanın mədəni təsiri də hiss edilə bilir. Məsələn, Parisdə yaşayan və Been Around the Globe adlı bloq saytında səyahətləriylə bağlı yazılar yazan Roobens Fils bu mövzuda belə deyir: "Çox uzaqlarda olan insanlar belə fransız mətbəxi, incəsənəti və modasından xoşlanır və ilham alır. İrana getdiyim zaman Molyeri sevdiyini söyləyən insanlarla qarşılaşmaq məni çox təəccübləndirir. Yəni, İranda belə Molyeri tanıyırlar!"

Bordo, şərablarıyla məşhurdur. Paris istisna olmaqla, çox sayda tarixi binaya sahib bir şəhərdir. Fransanın ən izdihamlı üçüncü şəhəri olan Lion isə ənənəvi fransız mətbəxi və üç ulduzlu Michelin restoranlarıyla tanınır. 2000 ili ötən tarixi ilə cənubdakı Tuluza şəhəri isə terakota memarlığı ilə məşhurdur. Fransız cəmiyyəti şəxsiyyətləri və dilləri ilə qürur duyurlar. Çox fransız öz ölkəsində, bildiyi halda ingilis dilində və ya başqa xarici dillərdən istifadə etməyi seçməz. Fils, "Fransaya yaşamaq üçün gələn kimsə oraya uyğunlaşmaq məcburiyyətindədir, çünki fransızlar sizə uyğunlaşmaq üçün səy göstərməzlər", - deyir.
3

ABŞ

Amerika Birləşmiş Ştatları  'modernlik' və 'əyləncə dünyasında təsirli olma' kateqoriyalarında yüksək bal topladı. Amerikan filmləri, musiqiləri, televiziya verilişləri dünya səviyyəsində izlənir. Ölkənin texnoloji sektoru Facebook, Twitter, Google, Amazon kimi şirkətlərlə milyardla insanın həyatına daxil olub. Amerikan şəxsiyyəti, hər şeyin mümkün ola biləcəyinə inanan "Amerikan Yuxusu" ilə formalaşır. Ölkənin ən böyük şəhəri olan və "heç yatmayan şəhər" olaraq tanınan Nyu York, amerikan dəyərlərini ən yaxşı ifadə edə bilən şəhərdir. Frenk Sinatra bir vaxtlar bura haqqında, "Orada uğur qazansam, hər yerdə uğur qazanaram", - deyib.
4

İspaniya

Bir vaxtlar dünyanın ən böyük imperatorluqlarından biri olan İspaniya, Cənubi Amerikadan tutmuş Cənub-şərqi Asiyaya qədər bir çox bölgədə qalıcı təsirə sahibdir. Çin dilinin ardınca ispanca dünyada ən çox danışılan ikinci dildir. "A World to Travel" adlı saytda səyahət bloqları yazan qalisialı İnma Qreqoryo, "Getdiyim hər yerdə ölkəmə aid ispan dilindən dininə, mətbəxindən festivallarına qədər bir çox şey tapıram", - deyir. Yeməyə xüsusi önəm verən İspaniyanın tapas mədəniyyəti də dünyaya yayılmış vəziyyətdədir. Yemək, sosiallaşma və paylaşma vasitəsi olaraq da görülür. Çoxları İspaniyada insanların yaşamaq üçün çalışdıqlarını və həyata qarşı soyuqqanlı olduqlarını söyləyir.
5

İngiltərə

'Prestij sahibi olmaq' kateqoriyasında İngiltərə üst sıralardadır. İngiltərədə yaşayanlar güclü çalışmaq etikası, dəyişimə açıq olma və yeni kəşfləriylə lovğalanırlar. Dünyanın ən yaxşı universitetlərinin bir qismi İngiltərədə yerləşir. Çox insan xaricdən gələrək bu ölkədə yeni bir həyat qura bilər. Ancaq ingilislərin hər zaman dedikləri şeyi nəzərdə tutmadıqlarını da hesaba qatmaq lazımdır.

Dünyanın ən önəmli maliyyə və iş mərkəzlərindən olan Londona işləmək üçün digər ölkələrdən gələn çox insan var. Muzey, teatr və konsert salonlarının çoxluğu ilə bu şəhərdə dünya mədəniyyətini çox yaxından izləmək, davamlı olaraq edəcək bir iş tapmaq mümkündür. London mədəniyyət mərkəzi olaraq tək seçim deyil. Edinburq dünyanın ən böyük incəsənət festivalına ev sahibliyi edərkən, Birminhem də dünya mədəniyyətində xüsusi yerə sahib olma yolundadır.

Cavablandır