Azərbaycan kino tarixinin unudulmaz filmləri

1820

2 avqust – Azərbaycanda Milli Kino günü kimi qeyd olunur. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu gün saat 18:00-da Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. Biz isə sizə Azərbaycan kinosunun ən yaddaqalan və unudulmaz filmlərini təqdim edirik.

Görüş (1955)

Film bir-birilə yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmişdir. Filmin mərkəzində iki gəncin — özbək qızı Lala ilə azərbaycanlı Kamilin saf məhəbbəti durur. Əmək qəhrəmanı, məşhur pambıqçı Lalaya olan saf məhəbbəti tənbəl və qayğısız Kamili kənd təsərrüfatı qabaqcılları sırasına gətirib çıxarır. Filmdə belə bir fikir irəli sürülür: Əmək insanı zinətləndirir, onu camaatın gözündə qaldırır və ona xoşbəxtlik gətirir.

Əhməd Haradadır? (1963)

Filmdə hadisələr kənddə və şəhərdə cərəyan edir. Valideyinlərinin yanına gələn Əhməd öyrənir ki, valideyinləri onun fikrini öyrənmədən onu evləndirmək qərarına gəliblər. Buna qəzəblənən Əhməd evdən çıxıb gedir. Eyni hadisə Leylanın da başına gəlir. Onu da məcburən ərə vermək istəyirlər və o da çıxıb şəhərə gəlir. Hər iki tərəf övladlarını axtarmağa gedirlər. Lakin təsadüf nəticəsində Əhməd ilə Leyla qarşılaşır və bir-birlərini sevirlər.

Qayınana (1978)

Hadisələr gənc bəstəkar Ayazın ailəsində baş verir. Ayazın anası Cənnətin iki gəlini ilə münasibəti filmin əsas süjet xəttini təşkil edir. Qayınana ilə gəlinlər arasında qarşılıqlı anlaşma, hörmət olmadığı üçün dedi-qoduların arası kəsilmir. Əgər Ayazın dostu İlqar onların köməyinə gəlməsəydi, kim bilir bu ailənin aqibəti necə olacaqdı.

Bəyin oğurlanması  (1985)

Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan real toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur. 

Bəxt Üzüyü (1991)

Qrotesk üslublu bu film qəhrəmanlardan biri olan Saranın bəxt üzüyünün itməsi əhvalatı üzərində qurulub. Əslində isə burada söhbət bir nəfərin deyil, bütün xalqın bəxtinin itməsindən gedir. Moşu kimilər isə bu itirilmiş bəxti axtarmaqdansa, “xoşbəxtliyə” qafiyə axtarmaqla məşğul olur, öz-özünü və ətrafındakıları aldadırlar.

“İnsanlar, bir-birinizə laqeyd qalmayın, diqqətli olun. Axı, siz İnsansınız, pul, əşya deyilsiniz, saqqızla aldanmamalısınız”. Bu çağırış filmin əsasını təşkil edir. Film bizim bir-birimizə, ətrafdakılarımıza olan münasibətimiz barədədir.

Cavablandır