Azərbaycan caz tarixi 1960-ci illərdən bu günə

1100

19-cu əsrdə Nyu Orleanda başlayan ritm əsaslı Afrika və Karib musiqisinin, spiritual zənci mahnılarının (Negro Spirituals) yüksək melodiyası və nəfəsli alətlərin harmoniyasından yaranan jazz 1920-ci illərdə daha da inkişaf edir. 1920-ci illər inkişafına görə bu dövrü caz əsri adlandırmaları da təsadüfi deyil.  Cazın əsas musiqi alətləri piano, saksafon, trombon, truba ( və ya trampet), təbil (drums), klarnet və kontrabas sayılır. Azərbycanda isə 1930-cu ildə yaranan caz inkişaf etməkdə davam edir. 1960-cı illərdə öz qızıl dövrünü yaşayan Azərbaycan cazının tarixinə nəzər salıb həmin dövrə birgə səyahət edəcək, hazırda olan simaları barədə də sizə məlumat verəcəyik.

“Qaya” vokal kvarteti

Yaradıcıları Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski olan “Qaya” vokal kvarteti caz janrının Bakıda çox dəbdə olduğu bir zamanda fəaliyyətə başlayır. Asəf Zeynallı adına musiqi məktəbində tanış olan qrup üzvləri əsasən caz oxuyurdular. 1980-ci illərdə “Qaya”nın tərkibi tez-tez dəyişir. 1985-ci ildə isə “Qaya”nın nəzdində Caz və kamera orkestri yaradılır və “Qaya” estrada simfonik dövlət ansamblı adlanır. Çox keçmir, ansamblın nəzdində “Talisman” adlı rok-qrup da formalaşır. Ansamblda müxtəlif vaxtlarda Abbas Əhməd, Eldar Rzaquluzadə, Rüfət Babayev, Əzizə Mustafazadə, Fuad Biqbayev, Aygün Kazımova və başqaları fəaliyyət göstərirlər. Tofiq Quliyev, Fikrət Əmirov, Rauf Hacıyev, Vasif Adıgözəlov, Oqtay Zülfüqarov, Fərəc Qarayev, Əziz Əzizov, Tofiq Babayev kimi bəstəkarlarla çalışan “Qaya” fəaliyyətini 1988-ci ildə sonlandırır.

 

“Aşıqlar” qrupu

Elxan Şıxəliyev tərəfindən 1973-cü ilin avqust ayında yaradılan  qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim edir, bununla bərabər öz mahnılarını da bəstələyirdilər.“Aşıqlar” 1973-cü ildə Bayılda yerləşən Vladimir İliç Ulyanov adına Mədəniyyət Evində keçirilən festivalda Respublikadan 100-ə yaxın qrup arasından birinci yerə layiq görülür. Bu, “Aşıqlar” qrupu adı altında iştirak etdikləri ilk festival olur. Qrup Azərbaycan xalq mahnılarını yeni aranjemanda təqdim etməklə yanaşı, öz mahnılarını da bəstələyirdi.

 

Mustafazadələr

Bir ailə daxilində olan 3 caz ifaçısı: Vaqif Mustafazadə, Eliza Mustafazadə və qızları Əzizə Mustafazadə.

Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadə Azərbaycan Muğam Caz Hərəkatının memarı sayılır. Onun həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır. Qızları Əzizə Mustafazadə – dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısıdır.

 

Sevda Ələkbərzadə

Fəaliyyətə 1993-cü ildə “Rast” qrupunda solist-ifaçı olaraq başlayır. 2001-ci ildə isə qrupdan ayrılaraq fərdi ifaçılıq fəaliyyətinə başlayır. Yaradıcılığında yeni bir mərhələ olan “Şəbi-Hicran” layihəsi ilə Dövlət Flarmoniyasının səhnəsində solo konsert ilə çıxış edir. İsveçrənin Bazel Konservatoriyasından həmin yerin tələbələrinə dərs demək üçün təklif alır. Caza həsr ediləcək dərsləri bitirdikdən sonra İsveçrədə konsert verməyi də planına daxil edir. Sevda Ələkbərzadə həmçinin 2012-ci ilin sentyabrında İsrailin Qüds şəhərində keçirilən beynəlxalq Jerusalem Sacred Music Festival musiqi festivalında Azərbaycanı təmsil edib.

 

Ahmedowsky Trio

2016-cı ildən bu günə kimi fəaliyyətdə olan qrupun yaradıcısı Babək Ahmedowsky-dir. O, həmçinin trioda gitara və keys ifaçısıdır. Babək “Sketches of Vagif” albomunu tamamladıqdan sonra onun ifası üçün axtarışa çıxır. Xudayat Əhməd və Məhəmməd Lətiflinin bir yerdə yaratdığı musiqi qrupunu dinlədikdən sonra onlarla sosial şəbəkə üzərindən tanış olur. İlk albom olan “Sketches of Vagif” 2017-ci ilin aprel ayında təqdim edilir. Albomda Vaqif Mustafazadənin “Düşüncə”, “Soul in Love”, “Mart” əsərləri və qrupun öz bəstəsi olan “Bipolar” yer alır. 2018-ci ildə yeni albom üçün hazırlıqlara başlanır və həmin ilin may ayında albomu bitirirlər. “Caspian Broadcasting” adlı albomun çıxış tarixi iyunun 20-ə hesablanır.  Qrup “Bakool Arts” festivalanının qalibi olduğu üçün Braziliyada keçirilən “Prosa Sonora” festivalında iştiraka haqq qazanıb. Trio bu il “İstanbul Jazz Festival”da da çıxış edərək daha bir uğura imza atıb.

 

 

 

Cavablandır