193 ölkə gəzmiş Xorxe Sançez

2350

“Kitab oxuyaraq üzməyi öyrənə bilmərsiniz; özünüzü dənizə ya da hovuza atmalısınız. Dünyanı tanımaq üçün də gəzmək lazımdır.”

Yeddi dəfə dünya turuna çıxan və ən çox səyahət edənlər siyahısında ikinci sırada olan səyyah bu işi nəyə görə və necə ucuz yolla etdiyini açıqlayır. İspaniyalı Xorxe Sançez 63 yaşındadır.

Yoxsul bir ailədən gələn Sançez 13 yaşında məktəbi ataraq yola düşür. Gəzdiyi ölkələrdə müvəqqəti olaraq maaşı az olan işlərdə çalışır. Avstraliyada fermada, Nyu-Yorkda restoranlarda, Peruda qızıl mədənlərində, Lixtenşteyndə morqda, Kolumbiya, Paraqvay, Gürcüstan və Əfqanıstanda həbsxanalarda, bir çox ölkədə isə ibadətgahlarda çalışır.

Sançezin çox sadə fəlsəfəsi var. O, dünyanı gəzməyi müqəddəs bir səyahət və axtarış olaraq görür. Dünyanı başa düşmək üçün görməyin lazım olduğuna, amma eyni zamanda hər gəzginin dönüş vaxtını da bilməsinin gərəkli olduğuna inanır.

13 Yaşında Saxaraya Gediş

Sançez 13 yaşında ailəsindən gizlin Mayorka adasına getmək üçün Barselonadan bir gəmiyə minir. "Ailəmin məyus olacağını bilirdim. Onlara məktub qoydum. Getdiyimi və geri dönəcəyimi söylədim", - deyir.
"O vaxtlar ispan legionu Qərbi Saxarada kiçik yaşlı uşaqları könüllü əsgər olaraq qəbul edirdi. 1968-ci ildə ora hələ də İspaniyanın müstəmləkəsi idi. Legionda iki gün keçirdim, amma bəyənmədim. Məqsədim səyahət etmək, Moritanyaya getmək idi. Amma pasportum olmadığına görə girə bilmədim. Legiondan ayrıldım."

18 yaşında pasportunu aldıqda avtostopla 11 Avropa ölkəsini gəzir.

Xərclərini qarşılamaq üçün fərqli şəhərlərdə müxtəlif işlərdə çalışır:

"Məqsədim dil öyrənmək və yaxşı bir gəzgin olmaq idi. Aropada iki il qaldıqdan sonra əsgərlik üçün İspaniyaya geri döndüm. Frankonun vaxtında əsgərlik məcburi idi."

Qabyuyandan Mədənçiliyə

Sançez Avropada dolaşarkən bir çox işdə çalışır. Parisdə diş labobratoriyasında çalışaraq, İtalyada bazarda pendir sataraq, Filippinlər  və İndoneziyada şahmat oynayaraq həyatını qazanır. Peru meşələrində qızıl mədənində, Nyu-Yorkda restoranlarda qabyuyan olaraq çalışır.

"Ağla gələ biləcək hər işi gördüm, amma vahid bir peşəm yoxdur. Ən az maaşlı işlərdə çalışdım. İndi də həftədə bir gün Barselona havalimanından yolçu daşıyıram."

Gecəni Morqda Keçirmək

Sançez getdiyi hər ölkədə ən az bir gecə qalır. Lixtenşteyndə otellər baha olduğuna görə, yatmaq üçün gecə tapdığı bir yerə sığınır. Növbəti gün saat 5-də cənazə maşınının səsiylə oyanır. Tabut çıxarıldığını görür və həmin an morqda yatıb qaldığını anlayır. Braziliyada isə oteldə qalacaq pulu olmadığı və oğrulardan qorxduğu üçün bir gecəni ağacın təpəsində keçirir. 1986-cı ildə Ekvadorla Kolumbiya sərhəddində kiminsə onu təqib etdiyini görəndə bir həbsxanaya sığınır və gözətçilərdən kömək istəyir. Gecəni oradakı kameralardan birində məhkumlarla birlikdə keçirməsinə icazə verirlər.
"Bir çox gecəni də ibadət evlərində keçirdim. Hindistanda hindu tapınaqlarında, Uqanda və Tanzanyada sih ibadətgahlarında, Özbəkistanda müsəlman təkkələrində, Konqoda katolik kilsəsində, Yaponiya və Banqladeşdə buddist tapınağında, İsrail və Braziliyada yəhudi sinaqoqlarında qaldım."

Sançez həqiqi gəzginin Birləşmiş Millətlər Təşkilatının tanıdığı 193 ölkənin tamamında ən az 24 saat keçirməsinin lazımlılığına inanır. Özü Tacikistan xaricində hər ölkədə bunu edib. Oraya bu məqsədlə yenidən getməyi planlayır.

Az Xərclə Çox Gəzmək

"Səyahət üçün xərcləyəcəyiniz pulu düşünərkən evdə qaldıqda edəcəyiniz xərcləri də düşünmək lazımdır. Hindistan, İndoneziya, Filippinlər, Peru, Fas, Mozambik kimi ölkələrə gedib bir neçə ay qalmaq evinizdə qalmaqdan daha ucuz başa gələ bilər.
Bahalı otellərə getmirəm. Yataqxanalarda, hostellərdə qalıram. Bazardan alış-veriş edir, otel xərcim çıxmasın deyə səyahətlərimi gecələr avtobus və qatarla etməyə çalışıram. Çox ölkədə dil müəllimi işləyə, Avstraliya və Yeni Zellandiyada fermalarda çalışa bilərsiniz."

Nə Vaxt Gəzməli?

İnsanlara qocalıq üçün pul yığmağımı yoxsa gənckən gəzməyimi tövsiyə etdiyi sualına Sançez bu cür cavab verir:

"Bəzi insanlar ömürboyu çalışıb təqaüdləri üçün pul yığırlar. Bu zaman ildə bir iki dəfə turist olaraq bir yerlərə gedib tətilini edə bilər. 60 yaşdan sonra da sanki itirilən zamanı bərpa etməyə çalışırmışcasına səyahətə başlayırlar."

"Mən 30 ilimi yollarda keçirdim. İndi isə 63 yaşındayam. Pulum yoxdur və bundan sonra da qazana bilmərəm. Vaxtını əyləncəylə keçirən cırcırama ilə işləyib qışlıq ərzağını toplayan qarışqanın hekayəsi kimi. Mən cırcıramayam, bundan da heç peşmanlıq duymuram. Seçdiyim həyatdan razıyam və nəticələrinə də dözməliyəm."

İnsan Gəzgin Olaraq Doğulur?

Sançez nələrsə öyrənə biləcəyi yerləri gəzməyi üstün tutur. "Gəzmək bir universitetdir və mən hələ də tələbəyəm" - deyir. İllər əvvəl ilk həyat yoldaşı səyahəti buraxıb sabit bir yerə yerləşməsi üçün ultimatum ötürür. Sançez, "İnsan gəzgin olaraq doğulur, yoxsa sıradan həyatda da xoşbəxt ola bilər?" sualına bu cür cavab verir:

"Hələ yetkin deyildim. Əskiklərimi hiss edə bilmirdim. Daha çox məlumatlanmağa, özümü inkişaf etdirməyə ehtiyacım var idi və bunu ancaq dünyanı gəzərək edə biləcəyimi düşünürdüm. Bu gün isə insanın həyatında gəzməkdən daha vacib şeylər olduğunu bilirəm. Ən əsası isə ailədir, amma bunu başa düşmək üçün dünyanın ətrafında 7 dəfə tur atmalı oldum."

"Gəzmək gənclik illərində öyrənmə məqsədli bir həyat tərzidir. Amma daha önəmli şeylər də var. İnsan: "Gəzmək mənim üçün çox faydalıdır, amma artıq buna ehtiyacım yoxdur", - deməyi bacarmalıdır.

Sançez səyahət arzusu ilə yanıb tutuşanların bu istəklərini gerçəkləşdirmələri lazım olduğunu, əks halda yaşayan ölülər halına dönə biləcəklərini deyir.

"Vacib olan gəzmək ya da gəzməmək deyil, insanın öz yolunu tapa bilməsidir. Gəzməyi alın yazınız olaraq görürsünüzsə, bunu etməlisiniz. Pulunun olub olmaması önəmli deyil. Səyahət zamanı bir yolu mütləq tapılır. Bu qayda heç vaxt pozulmayıb."

Ucuz Səyahətin Üsulları

Avtostopun ən ucuz səyahət forması olduğunu, bir çox ölkədə şoferlərin hələ də avtostopçuları maşınlarına aldığını deyir. Latın Amerikasının çox ölkəsini bu şəkildə gəzib.

Sezonxarici zamanlarda ucuz təyyarə bileti alır, gecəsi 5 dollardan başlayan yataqxanalarda qalır. Bahalı ölkələrdə isə çox zaman gecəni çöldə keçirir. Xəstəxanaların gözləmə zallarını, qatar stansiyalarından istifadə edir.

"Barselonada isə səyahətə pul yığmaq üçün rahib kimi yaşayıram. Gəzərkən gündə 10 avroyla keçinə bilərəm. 5000 avro ilə altı aylıq dünya turuna çıxa bilərəm."

Hər Ölkə Bir Dərs

Sançez Avropanı dolaşaraq keçirdiyi iki ildə dünyanı gəzmənin alın yazısı olduğunun fərqinə varır. Universitetə getmədiyi üçün hər qitəni və ölkəni bir dərs olaraq qavrayır.

1982-1984-cü illər arasında 46 ölkəni dolaşdığı ilk dünya turu 1001 gün çəkir. 2003-cü ildə son olaraq Somaliyə gedir.

Yeddinci və doqquzuncu dünya turunu 2016-cı ildə tamamlayır. Uşaqkən oxuduğu "Sindbadın Macəraları" adlı kitabda gəmiçi Sindbad dünyanı 7 dəfə dolaşdığı üçün özü də bunu etmək istəyir.

Yolda Yaşanan Problemlər

Yolda qarşılaşdığı problemləri isə bu cür sıralayır:

"Yohannesburqda qarət olundum, amma Cənubi Afrikanı hələ də sevirəm. 1989-cu ildə Pakistandan Əfqanıstana vizasız keçməyə çalışarkən cəsus adıyla tutuldum və Kabildə 4 ay həbsdə qaldım. 2007-ci ildə  Abxaziyadan Gürcüstana keçməyə çalışarkən 3 gün həbsdə saxlanılıb 2000 avro təzminat ödəməli oldum."